A qrupunda mübarizə aparan "Napoli" səfərdə "Ayaks"la üz-üzə gəlib. “Yohan Kroyf Arena”da keçirilən qarşılaşmada hesabı meydan sahibləri açıblar. 9-cu dəqiqədə Mohammed Kudus komandasını irəli çıxarıb. Çox keçmədən İtaliya təmsilçisi hesabı bərabərləşdirib. Cakomo Raspadori tarazlıq yaradıb. 33-cü dəqiqədə Ciovanni de Lorentso fərq yaradıb. Fasilə ərəfəsində Piotr Zelinski hesabı 1:3 edib. İkinci hissəyə də üstün başlayan Luçano Spalettinin komandası daha 3 qol vurub. 47-ci dəqiqədə Cakomo Raspadori dubl edib. Saatın tamamından 3 dəqiqə sonra isə Xviça Kvaratsxeliya ardıcıl 4-cü rəsmi matçında fərqlənərək hesabı 1:5 edib. Qarşılaşmada son nöqtəni Ciovanni Simeone qoyub. O, Tanqi Ndombelenin ötürməsini qolla tamamlayıb: "Ayaks" - "Napoli" 1:6.

A qrupunun digər görüşündə isə "Liverpul" "Enfild Roud"da "Reyncers"lə üz-üzə gəlib. Hesab 7-ci dəqiqədə açılıb. Trent Aleksandr Arnold "mersisaydlılar"ı irəli çıxarıb. Təşəbbüsü əldən verməyən Yurgen Klopun yetirmələri fasilədən sonra daha bir qol vurublar. Mohammed Salah çərçivəni dəqiq nişan alıb. "Liverpul" - "Reyncers" 2:0.

Beləliklə, 3 turdan sonra maksimum nəticə göstərən "Napoli" 9 xalla A qrupuna liderlik edir. 6 xalı olan "Liverpul" ikincidir. İlk üçlüyü 3 xalla "Ayaks" tamamlayır. Hələlik xalı olmayan "Reyncers" isə sonuncu pillədədir.